Dünən futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Günün ilk matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”ı qəbul edib.
Komandalar arasında Sumqayıtda baş tutan ilk görüş qolsuz bərabərliklə bitmişdi. “Qarabağ” finala yüksəlmək üçün ancaq qələbə qazanmalıydı. Ayxan Abbasovun rəhbərlik etdiyi “Sumqayıt”a isə istənilən qollu heç-heçə və qələbə sərf edirdi. Amma cavab görüşündə də qapılara qol vurulmayıb. Bu üzdən əlavə vaxt təyin olunub. Komandalar əlavə yarım saatda da fərqlənə bilmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sumqayıt” finala yüksəlib.
Yarımfinalın digər görüşündə “Zirə” “Keşlə”ni qəbul edib. Komandalar arasında “ASK Arena”da keçirilən ilk görüşdə “Zirə” 2:1 hesablı qələbə qazanıb. Cavab görüşündə isə “Keşlə” əsas vaxtda 2:1 qalib olub. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə yarım saatda komandalar hərəyə daha bir qol vurublar. Bu nəticə “Keşlə”ni finala daşıyıb